Suçiçəyi xəstəliyi » Virtual tecili yardim
Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Suçiçəyi xəstəliyi
INFEKSION XƏSTƏLİKLƏRİ / PEDİATRİYA

Suçiçəyi xəstəliyi

Suçiçəyi xəstəliyi

Suçiçəyi xəstəliyi daha çox 5-10 yaşlı uşaqlar arasında yayı­lan, qışın sonu və yazın əvvəllərində sıx müşahidə olu­nan, çox yoluxucu, qızdırmalı, səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunan kəskin virus mənşəli infeksion xəstəlikdir. Mövsümi xarakter daşımasına səbəb virusun günəşin ultrabənövşəyi şüalara davamsız olmasıdır.Suçiçəyi xəstəliyi

Son statistik məlumatlara əsasən, Azərbaycanda 2012-ci ilin ilk 3 ayı ərzində qeydə alınmış suçiçəyi xəstələrinin sayı 3871 nəfər olub. 2010-cu ildə bu xəstəliyə yoluxan­ların ümumi sayı 6963 nəfər idisə, 2011-ci ildə bu rəqəm artaraq 10448 nəfər təşkil edib. Göründüyü kimi, bu xəstəliyə yoluxanların sayı ildən-ilə artmaqdadır. Buna görə də bəzi Avropa ölkələrində suçiçəyi xəstəliyinə qarşı olan vaksin məcburi peyvənd təqviminə əlavə edilmişdir.

Suçiçəyi xəstəliyinin səbəbi nədir?

Suçiçəyinin törədicisi-Varicella zoster virusudur (VZV). Bu virusa yalnız insanlar yoluxur və daşıyıcı olur. Virusun həssas orqanizmlə ilkin təması zamanı özünü uşaqlarda suçiçəyinin klinikası şəklində göstərir. Suçiçəyi xəstəliyi keçirən uşaqlarda bu virus aktivləşərsə, kəmərləyici her­pes xəstəliyi inkişaf edir.

Virus hansı yollarla yayılır?

Xəstəliyin yeganə mənbəyi insandır. Bu virus xəstə uşa­ğın asqırması, öskürməsi ilə hava-damcı və səpgilərin möhtəviyyatı ilə birbaşa kontakt yolla ötürülür. Virus hava cərəyanı ilə ventilyasiya sistemindən bir mərtəbədən digər mərtəbəyə ötürülür. Hamilə qadınlarda ciftdən dölə də keçir.

Xəstəlik nə zaman yoluxdurucu olur?

Xəstə ilk səpginin əmələ gəlməsindən 2-3 gün öncə və bütün səpgilərin qabığa çevrilməsinə qədər yoluxucu­dur. Keçirilmiş infeksiyadan sonra davamlı, ömürlük im­munitet yaranır.

Xəstə uşaq ilə təmasdan 14-22 gün sonra ilkin simptomlar əmələ gəlir. Bu əlamətlər qarın ağrısı, 37.5-39C qızdırma, narahatlıq, iştahasızlıq, halsızlıq ilə özü­nü biruzə verir. 24 saat sonra səpgi çəhrayı ləkə, sonra qırmızı-çəhrayı qabarıq şəklində başlar, 1-2 saat sonra isə yanmış dəri kimi - içərisində maye dolu möhtəviyyatlı suluqcuqlar halını alır. Səpgilər ilk olaraq gövdədən baş­layır, sonra baş və üzə yayılır, qollarda və ayaqlarda nadir hallarda gorülür. Əlin içi və ayaqaltı səthdə səpgi olmur. Suluqcuğun əmələ gəlməsindən sonra 24-48 saat içində bu möhtəviyyat yoluxucu olur və çox zaman şəffaf, bəzən qanlı və ya irinli də ola bilir. Bu suluqcuqlar çox qaşınan və müxtəlif ölçüdə olur. Hər yeni səpgi elementi əmələ gələndə temperatur arta bilər. Bütün səpgilər suluqcu­ğa çevrilməyə bilər. Suluqcuqlar 3 sutka sonra qabığa çevrilir. Qabıq dövrü yoluxucu deyil və sonrakı 5-10 gün müddətə çapıq qoymadan keçir. Son çıxan səpgi qabıq­lanana qədər - 7 gün ərzində yoluxucudur. Ağız boşlu­ğunun selikli qişasında və cinsi orqan nahiyəsində də səpgilər əmələ gələ bilər. Ağız boşluğundakı səpginin di­varı zədələnsə, yerində aftalar əmələ gəlir ki, bu da aftoz stomatit adlanır.

Xəstəliyin ağırlıq dərəcələri varmı?

Xəstəliyin yüngül forması tək-tək suluqcuqlarla, qızdır­ma olmadan və ya suluqcuq əmələ gəlmədən də müşahidə oluna bilər. Daha ağır hallar 2 yaşa qədər və böyüklərdə ola bilər. Bu zaman suluqcuqların möhtəviyyatının irin­li, qanlı, qeyri-şəffaf olması mümkündür. Ən ağır forma generalizə olunmuş-yayılmış formadır. Bu zaman dəri və selikli qişalarla yanaşı, daxili orqanlar da zədələnir, onlar­da iltihabi əlamətlər qeyd edilir. Bu əlamətlərə daha çox yaşlı, immun sistemi zəifləmiş, hormonal dərman qəbul edən insanlarda rast gəlinir.

Uşaqlarda hansı ağırlaşmalar mümkündür?

Ağırlaşmaların olmasına səbəb bu xəstəlikdən sonra immun sisteminin zəifləməsidir. Daha çox suluqcuqların qaşınması ilə ikincili infeksiya-stafilokok infeksiyasının qoşulması və irinləmə ola bilər. Bu zaman qabıqdan son­ra çapıq qala bilər. Nadir hallarda pnevmoniya (sətəlcəm), orta qulaq iltihabı, beyin-beyincik iltihabı da ola bilər. Səpgi əmələ gələndən 4 gün sonra qızdırma düşməyibsə və ya öskürək, təngnəfəslik, qulaq ağrısı, yuxuya meyilli­lik, müvazinətin pozulması (yeriyərkən səndələmə) kimi şikayətlər varsa, mütləq həkiminizə müraciət edin!

Hamilələrdə suçiçəyi

Hamiləliyin I və II trismestrində bu virusa yoluxduq­da döldə anadangəlmə (kongenital) suçiçəyi yaranır. Bu zaman embriopatiya-baş beyin qabığının atrofiyası, hid­ronefroz, ətraflarda sümük-dəri defekti və s. dəyişikliklər yarana bilir. Bu klinikanın I trismestrində rast gəlmə tez­liyi 0.7%, II trismestrdə 2% olsa da, III trismestrdə 0%-dir. Əgər doğuşdan 5 gün öncə və ya 2 gün sonra anada suçiçəyi klinikası müşahidə olunarsa, bu zaman yeni do­ğulmuş körpədə su çiçəyinin klinikası (Neonatal varisella) müşahidə edilir. Buna səbəb bu virusa qarşı əmələ gələn anticisimlərin ciftdən ötürülmə zamanının qısa olmasıdır.

Diaqnoz nəyə əsasən qoyulur?

Diaqnoz aşağıdakı klinik əlamətlərə görə qoyulur:

Polimorf səpgilər (eyni zamanda müxtəlif formalı səpgi-qırmızı ləkə, qabarcıq, suluqcuq)

Başın tüklü hissəsində, gövdədə, selikli qişalarda

Səpgilərin qaşınan olması

Qızdırma

Profilaktika məqsədilə nə etmək lazımdır?

Suçiçəyi xəstəliyi olan uşaqlarla təmasda olmamaq;

Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət yetirmək;

Otağın havasını tez-tez dəyişmək;

Passiv immunizasiya - bu, xəstəliyi keçirmiş insanla­rın qanından alınan hazır antitellərlə aparılır. Xəstə ilə təmasdan 96 saat ərzində immunoqlobin (VZiG) əzələ daxilinə yeridilir. Bu immunoqlobin hamilə qadınlara da vurula bilər. Suçiçəyi xəstəliyindən qorunma dövrü 2-4 həftədir.

Aktiv immunizasiya - xəstə ilə təmasdan 72 saat ərzində vurulur. Bu, canlı vaksindir və subkutan (dərialtı) yeridilir. Planlı şəkildə də aparıla bilir. 2 doz aparılır: I doz 12-15 aylıq, II doz 4-6 yaş arası uşaqlar­da aparılır. Aktiv immunizasiya canlı vaksin olduğun­dan hamilə qadınlara əks göstərişdir.

Xəstə uşağı nə qədər müddətə ətraf mühitdən izolyasiya etmək lazımdır?

Xəstə uşaqlar axırıncı qabıq düşənə qədər ictimai mühitə çıxmamalıdır.

Müalicə metodları nələrdir?

Qızdırma salmağa göstəriş və bunun üçün nə etmək lazımdır? Əslində qızdırma qoruyucu bir reaksiyadır. Əgər uşaq özünü yaxşı hiss edirsə, temperatur 38C-ni keçmirsə və ya baş ağrıları yoxdursa, qızdırma salıcıya ehtiyac yoxdur. Amma bu tip şikayətlər mövcüddursa, o zaman Parasetamol tərkibli sirop və ya tabletlərdən istifadə edilir. İbufen tipli qeyri-steroid iltihab əleyhinə preparatlar da istifadə oluna bilər. Amma bu preparat parasetamol kömək etməyəndə istifadə oluna bilər. Çünki çox uşaqlarda ibufenə qarşı hiperhəssaslıq al­lergik reaksiya, eləcə də allergiyaya meyilli uşaqlarda bronxial astmaya təkan verə bilər. Aspirin isə qətiyyən istifadə edilməməlidir. Əks təqdirdə Reye sindromu­na (qaraciyər çatışmazlığı, ensefalit) və sonda komaya səbəb ola bilir.

Virusun qandakı miqdarını azaltmaq məqsədilə çoxlu miqdarda maye qəbul edilməlidir.

Dırnaqların kəsilməsi, hər gün duş almaq, yerli olaraq səpgilərin qurudulması (Betadin məhlulu və ya brili­ant yaşılı) yolu ilə ikincili infeksiyanın qarşısı alınır.

Otaq temperaturu aşağı olmalıdır, əks təqdirdə tərləmə artır, bu isə qaşınmanın artmasına səbəb olur.

Qaşınma olarsa, antihistaminik preparatlar istifadə edilir.

Ağız içi səpgilərdə antiseptik məhlullarla qarqara (Lo­roben)

Daha ağır hallarda hazır immunoqlobin vena daxili (İviG)

Ən son müalicə prinsipi olan asiklovir preparatının istifadəsi və göstərişlər:

Əgər neonatal dövrdə (1 aylıqda) suçiçəyi olubsa, asiklovir vena daxili.

Uşaqda leykoz diaqnozu qoyulubsa və ya steroid preparatlar qəbul edirsə və ya kimyaterapiya qəbul edirsə.

Ağciyər və ürəklə bağlı ciddi problemlər varsa.

  8-05-2017, 14:37   Baxış: 397   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
Пользователь offline siqitaqu 4 mart 2018 11:09
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: