Tireotoksikoz
Tireotoksikoz
– qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının
artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz
toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional
avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər
zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3)
hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və
sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
Şikayətlər
Tireotoksikozdan
əziyyət çəkən xəstələrin əsas şikayətləri aşağıdakılardır:
Sinir sisteminin həssaslığının artması, yuxu pozulması, əsəbilik.
Ürək döyüntülərinin sayının artması.
Tərləmə, istilik hissi, yüksək temperatura qarşı dözümsüzlük.
Ətrafların və ya bütün bədənin titrəməsi.
Tezləşmiş stul və sidik ifrazı.
Proqressivləşən çəki azalması – arıqlama.
Zəiflik, tez yorulma.
Menstrual tsiklin pozulması.
Xəstənin müayinəsi zamanı sinus taxikardiyası, qulaqcıq səyriməsi,
xırda tremor, isti, nəm dəri örtüyü, palmar eritema (əlin ovuc hissəsinin
qızarması), onixoliz (dırnaqların zədələnməsi), qaşınma, övrə, diffuz alopesiya
(saçların tökülməsi), əzələ zəifliyi əlamətləri aşkar edilə bilər. Həmçinin
diffuz toksiki zobdan əziyyət çəkən xəstələr üçün gözün zədələnməsi –
oftalmopatiya da xarakterikdir: gözdə quruluq və ağrı hissi, göz almalarının
qabarması, hərəkətliliyinin zəifləməsi və s.
Yuxarıda
göstərilən əlamətlərin bu və ya digər dərəcədə nəzərə çarpması xəstəliyin
ağırlıq dərəcəsindən (yüngül, orta və ağır) asılı olaraq müxtəlif olur. Məsələn,
yüngül forma zamanı çəki azalması az nəzərə çarpır, ürək vurğularının sayı dəqiqədə
100-ü keçmir, əsasən əsəbilik, yuxu pozğunluğu, emosional labillik kimi əlamətlər
daha çox üstünlük təşkil edir. Ağır dərəcəli tireotoksikoz zamanı bir sıra
orqanlarda: ürək, qaraciyər, sinir sistemində ciddi dəyişikliklər meydana
çıxır, arterial təzyiq yüksəlir, ürək döyüntülərin sayı dəqiqədə 120 vurğunu
keçir, əzələ zəifliyi müşahidə edilir, əmək qabiliyyəti xeyli azalır. Ağır dərəcəli
tireotoksikoz qeyri-dəqiq müalicənin və ya heç müalicə almamanın nəticəsində
inkişaf edir.
Tireotoksiki kriz
Tireotoksikozun
ən ciddi ağırlaşmalarından biri də tireotoksiki krizdir. Bu zaman xəstənin bədən
temperaturu yüksəlir, xəstə oyanıq olur, diffuz qusma və diareya nəticəsində
orqanizmin susuzlaşması baş verir. Arterial təzyiq kəskin enir. Bütün bu
əlamətlər komanın inkişafına qədər gətirib çıxara bilər. Qeyd etmək lazımdır
ki, bu cür kriz orta ağırlıq dərəcəli tireotoksikoz zamanı da əmələ gələ bilər.
Krizin əmələ gəlmə səbəblərindən biri öncədən heç bir hazırlıq aparılmadan
tireotoksikozlu xəstələrin qalxanabənzər vəzisində əməliyyatın aparılmasıdır
Diaqnostika
Tireotoksikozun
diaqnostikasında əsas müayinə metodu qanda qalxanabənzər vəzi hormonlarının
miqdarının təyin olunmasıdır. Bu zaman qanda TSH-ın (hipofiz tərəfindən
sintez olunan tireostimullaşdırıcı hormon) miqdarı kəskin azalır, tiroksin (T4)
və triyodtironin (T3) hormonlarının miqdarı isə artır. Digər müayinələrin
aparılmasında məqsəd isə tireotoksikozun əmələ gəlməsinə səbəb olan amili aşkar
etməkdən ibarətdir. Əlavə olaraq digər laborator müayinələr, tireoid vəzinin
USM-i, ssintoqrafiyası aparıla bilər.
Tireotoksikozun
müalicəsi
Diffuz
toksiki zob zamanı (Bazedov-Qreys xəstəliyi) aşağıdakı müalicə metodları tətbiq
olunur: tireostatik preparatlar, yod radionuklidi təyin olunur, operativ
müdaxilə aparılır. Tireostatik preparatlarla müalicəsinin ən başlıca
çatışmazlığı aparılmış kurs terapiyadan sonra residivlərin əmələ gəlmə tezliyinin
yüksək olmasıdır. Bundan əlavə bu cür müalicə uzun müddətli olur və bir çox
hallarda xəstələr müalicəni tam olaraq yerinə yetirə bilmirlər. Qalxanabənzər vəzinin
funksional avtonomiyasında isə medikamentoz müalicə qeyri effektiv olur.
Radioaktiv yodla aparılan müalicəsindən sonra isə residivlər çox az rast gəlinir.
Lakin bu gün Azərbaycanda bu metodun tətbiqi üçün tibbi müəssisələrdə kifayət qədər
şərait yoxdur. Xəstələrin xaricə göndərilməsində də bir sıra problemlər var,
belə ki, bu cür xəstələr kurs müalicədən sonra ən azı bir il müddətində müalicə
aldığı həkimin nəzarəti altında olmalıdırlar. Yalnız uğurla aparılmış operativ
müdaxilə yuxarıda göstərilən çatışmamazlıqdan azaddır.
Operativ müalicə
Diffuz
toksiki zob zamanı əksər hallarda qalxanabənzər vəzinin subtotal rezeksiyası əməliyyatı
aparılır, belə ki, vəzinin qalxanabənzər ətraf vəzilər hissəsində 2–4 qram
saxlanılır. Çoxlu düyünlü zob, toksiki adenomalar zamanı vəzinin yarı
hissəsi rezeksiya olunur. Bəzi hallarda çoxlu düyünlü zob zamanı vəzinin tam
olaraq çıxarılması əməliyyatı da aparıla bilər. Xəstəliyin maliqnizasiyasına
şübhə olduqda (bədxassəli şiş) vəzi regionar limfatik düyünlərlə birlikdə xaric
edilir. Standart halda əməliyyat adətən 90 dəq. müddətində davam edir. Son illər
kosmetik nöqteyi-nəzərdən əməliyyat nahiyəsinin daha az bilinməsi üçün
ultraqısa kəsiklərdən istifadə olunur.
Adətən əməliyyata hazırlıq müddəti 1 neçə saatdan 1 neçəhəftəyə qədər davam edə bilər. Bu müddət
qalxanabənzər vəzinin funksional vəziyyətindən, xəstənin yaşından və yanaşı xəstəliklərindən
asılı olaraq dəyişir. Əməliyyata hazırlıq dövründə xəstə daha dəqiq müayinə
olunur, qanda hormonların miqdarı təyin olunur, tireoid vəzinin USM-i , boyun
nahiyəsinin 3D rekonstruksiyalı maqnit- rezonans tomoqrafiyası aparılır. Bəzi
hallarda diaqnozu daha da dəqiqləşdirmək üçün ssintoqrafik müayinə metotundan
istifadə edilir. Tireotoksikoz zamanı əməliyyatdan öncə 3–6 həftə müddətində
xüsusi medikamentoz terapiya aparılır.
Dəqiq və ətraflı
müayinənin aparılması, xəstələrin əməliyyat öncəki hazırlığının yüksək səviyyədə
həyata keçirilməsi sayəsində əməliyyatdan sonrakı müddətdə pasiyentlər 1 sutka ərzində
stasionarda yatırlar. Bu müddət ərzində xəstə həkim nəzarəti altında olur. Əməliyyat
olunmuş xəstələr 1 il müddətində həkim nəzarətində olub, vaxtaşırı profilaktik
müayinələr və müalicələr aparılır. Bütün bunların nəticəsində residiv riski
minimuma enir.
|