Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Neyrosirkulyator distoniya
NEVROLOGIYA

Neyrosirkulyator distoniya

Neyrosirkulyator distoniyaNeyrosirkulyator distoniyaNeyrosirkulyator distoniya

 Neyrosirkulyator distoniya  ( NSD ) – funksional  xəstəliklərə aid olub ,  özünü ürək-damar, respirator  və vegetativ  pozğunluqlar : asteniya , stress və fiziki işlərə  dözümsüzlük  şəklində  büruzə  verir . Xəstəlik, dalğavari gedişlə , kəskinləşmə  və remissiya  dövrləri    ilə xarakterizə  olunur . NSD  zamanı  durğun  ürək çatmamazliğı və həyat üçün təhlükə yaradan aritmiyalar  inkişaf etmədiyi  üçün , bu xəstəlik  əlverişli  proqnoza malikdir.

NSD –nin  yayılma  tezliyi barədə məlumatlar  ziddiyyətlidir. Tibbi təcrübədə ürək-damar  sistemi tərəfindən  şikayət  bildirən  şəxslərin üçdə birində  müayinə  zamanı  NSD  aşkar  edilir. Gənc qadınlar daha çox  bu xəstəliyə tutulurlar .

Etiologiya və patogenez

Xəstəliyin yaranmasına səbəb olan  amillər arasında   irsi- konstitusional  xüsusiyyətlər , fərdi  xüsusiyyətlər , hormonal dəyişikliklər (disovarial pozğunluqlar, abort, hamiləlik, menopauza ),həyat tərzi  və s.  mühüm yer  tutur . Xəstəliyə  səbəb  olan  amillər:  psixogen (sinir-emosional stress, əlverişsiz sosial-iqtisadi şərait); fiziki və kimyəvi təsirlər ( insolyasiya , isti iqlim, vibrasiya); xroniki intoksikasiyalar , o cümlədən  alkoqol və tütündən istifadə ;  yuxarı  tənəffüs  yollarının  və burun –udlağın  infeksiyaları ; hipodinamiya ; zehni və fiziki  yorğunluq  sayılır .

Bu amillərin qarşılıqlı əlaqəsi  neyrohumoral-  metabolik tənzimləmənin pozulmasına gətirib çıxarır. Prosesin  daxilində  aparıcı bənd ,  çox güman  ki , inteqrativ bir rol oynayan hipotalamik strukturların zədələnməsir . Tənzimləmənin  pozulması  simpatoadrenal  və xolinergik  sistemlərin  disfunksiyası  və   periferik reseptorların həssaslığının  dəyişilməsi  şəklində özünü göstərir ki , bu  zaman katexolaminlərin adi  sintezinə hiperaktiv cavab qeyd olunur .Histamin-serotonin  və kallikreinkinin  sistemlərinin  funksiyalarının , su - elektrolit mübadiləsinin  pozulması  baş verir .  Mikrosirkulyasiya prosesləri   tormozlanır  ki , bu da toxuma hipoksiyasına gətirib çıxarır .

Ürəyin   neurohormonal tənzimlənməsinin  pozulması  qıcıqlara  yalnış reaksiyalara gətirib çıxarır ki , bu da   özünü qeyri-adekvat  taxikardiya, damarların  tonusunun  dəyişməsi (  qan təzyiqinin  qalxıb-enməsi ), ürəyin  dəqiqəlik  həcminin  artması ( qan dövranını  hiperkinetik  tipi ), periferik damarların  spazmı  şəklində   göstərir .

Təsnifat

V.I. Makolkinin  və S.A. Abbakumovun işçi  təsnifatı  movcuddur :

• Etioloji formaları:

-  essensial ( irsi – konstitusional );

- psixogen (nevrotik);

- infeksion-toksiki ;

- fiziki gərginlik ilə əlaqəli ;

- fiziki və peşəkar amillərlə əlaqəli .

• Klinik sindromlar:

- kardialgik ;

- taxikardial ;

- hipertonik ;

- hipotonik ;

- periferik damar çatmamazlıqları ;

- vegetativ krizlər ;

- respirator ;

- astenik;

-miokardiodistrofiya .

• Ağırlıq  dərəcəsi:

- Yüngül ;

- Orta ;

- Ağır .

Diaqnostika

Xəstəliyin təzahürü polimorfdur , simptomların  çoxsayli variantları mövcuddur . Bir sıra  hallarda onların təzahürü  digər ürək-damar xəstəliklərinin əlamətlərinə bənzəyir ki , bu da NSD-nin diaqnostikasını çətinləşdirir .

1. Ürək nahiyəsində  ağrılar (sızıldayıcı , batıcı ) qeyd edilir . Onların müddəti  dəyişkəndir : anidən ( batıcı ) tutmuş  saatlarla  və günlərlə  davam edən  monoton ağrılara qədər .Ağrılar daha çox ürək zirvəsi nahiyəsində , az hallarda isə   sol körpücükaltı nahiyədən bir qədər aşağı   və ya parasternal nahiyədə   lokalizasiya olunur . Ağrıların yerdəyişməsi  qeyd olunur. Ağrının  yaranması  yorğunluq , narahatlıq , havanın dəyişməsi , alkoqol qəbulu ilə bağlıdır. Qadınlarda ağrının yaranması  bəzən premenstrual  dövrdə baş verir. Bəzən ağrılar taxikardiya  və arterial  təzyiqin   artması ilə müşayiət  edilən  vegetativ paroksizmlər  ( krizlər ) zamanı baş verə bilər ki , adətən bu zaman  narahatlıq hissi və  əhvali – ruhiyyənin enməsi  qeyd olunur . Tutmaşəkilli  intensiv ağrılar  qorxu  və   daxili  narahatlıq hissi , tərləmə ,  hava çatmamazlığı kimi simptomlarla təzahür edən  vegetativ  pozğunluqlarla  müşayiət olunur .Yaxşı effekt verdiyinə görə  xəstələr həvəslə  valerian və ya yemişan tinkturası  qəbul edirlər . Nitrogliserinin  qəbulu  ağrını  kəsmir .

2. Bəzi xəstələr  tezləşmiş  səthi   tənəffüs , nataman nəfəs alma , dərindən nəfəs almaq ( „ah çəkmək" ) istəyi kimi şikayətlər bildirirlər . Bəzən  boğazda " qəhər " hissi və ya sıxılma təsəvvürü yaranır .

 Xəstənin böğuq  havalı otaqda qalması çətinləşir ,  pəncərələri açmaq tələbatı yaranır . Bu hadisələr narahatlıq hissi, başgicəllənmə, boğulma qorxusu ilə müşayiət olunur. Belə bir sindrom tənəffüs və ya ürək çatışmazlığının bir təzahürü olaraq qəbul  edilə bilər.

3. Xəstələr  gərginlik və həyəcan zamanı meydana çıxan , baş və boyun damarlarının pulsasiyası   ilə müşayiət olunan  ürəkdöyünmənin  və ürək işinin güclənməsi kimi  hisslər  keçirirlər . Bəzən bu hadisə  gecə vaxtına təsadüf edir ki ,  bu da  xəstənin oyanmasına səbəb olur .  Taxıkardiya  həyəcan, fiziki  gərginlik ,  alkoqol  qəbulu nətıcəsində  yaranır .

4. Astenik sindrom iş qabiliyyətinin  azalması , zəiflik hissi, yorğunluğun artması  şəklində  təzahür  edir .

5. Periferik damar pozğunluqları  baş ağrıları ,  başgicəllənmə, ətraflarda  soyuqluq hissiyyatı , gözlərin önündə sayrışan nöqtələrin görünməsi   ilə özünü göstərir .

6. Xəstələr qan təzyiqində dəyişikliklərin olması barədə şikayət  bildirə bilərlər (adətən , bu azalma və ya artım 160-170 / 90-95 mm.c.süt. – dan  çox olmur ). Bundan əlavə , yüksək qan təzyiqi dövrləri qısa müddət davam edir .

7. Bəzi xəstələrdə  bədən temperaturunun  37,2-37,5 ° C – yə  qədər   artması , sağ və sol qoltuqaltı nahiyələrdə  temperatur  fərqləri , ətrafların  dərisində  hərarətin  azalması  ( "buzlu əlləri")  qeyd edilir .

8. Vegetativ  krizlər  üşütmə , titrətmə ,  baş gicəllənməsi, tərləmə, hava çatışmazlığı hissi, izahedilməz qorxu kimi hallarla özünü büruzə verir . Bu cür hallar adətən , gecə vaxtları  meydana çıxır ,  20-30 dəqiqədən 2-3 saata qədər davam edir və  bir çox hallarda çoxlu sidik və ya duru nəcis ifrazı ilə başa  çatır.  Bu hallar adətən öz –özünə  keçir  və ya dərman qəbulu  vasitəsi ilə (sedativlər, beta – blokatorlar ) dayandırılır. Vaxt keçdikcə simptomların şiddəti  enməyə başlayır ,  böhranların  sayı azalır  və tamamilə yox ola bilir .

Xəstəliyin gedişinin ağırlığı müxtəlif parametrlərin  müştərəkliyi   : taxikardiyanın  və   vegetativ – damar krizlərinin tezliyi , ağrı sindromu , fiziki yüklərə  tolerantlıq və s. ilə  müəyyən edilir.

Fizikal  müayinə

Ürək-damar və  vegetativ  çatmamazlıqların  bir çox əlamətləri  aşkar edilir ,  lakin onlar çox spesifik olmur . Bəzi xəstələr  hipertireozlu şəxsləri  ( gözlərin  parlaması , həyəcan , tremor) xatırladırlar , digərləri  isə əksinə ,  qəmgin , adinamik , sönük baxışlı olurlar . Ovucların , ayaqların, qoltuqaltı nahiyələrin  güclü  tərləməsi  də tez–tez rast gəlinir . İlkin  müayinə zamanı   üzün ,  dərinin , sinənin  hiperemiyası ; asan yaranan dermoqrafizm ;  hətta əsəb mənşəli  „ övrə „ aşkar edilir . Tez – tez  motivasiya olunmamış  və çox canlı bir „bəbəklərin oynaması „ halına  təsadüf edilir . Damar sisteminin yüksək reaktivliyini davamlı dermoqrafizm  təsdiq  edir. Ətraflar  soyuq, bəzən solğun, sianotikdir.  Tezləşmiş , səthi  tənəffüs qeyd edilir  , xəstələr əsasən ağızla nəfəs alırlar ki , bu da  tez-tez yuxarı  tənəffüs  yollarının  selikli qişasının qurumasına  gətirib çıxarır . Bir çox xəstələr   güclənmiş  nəfəs vermə   aktını  icra edə  bilmirlər . Xəstələrin bir hissəsində qan dövranının hiperkinetik vəziyyətinin təzahürü olaraq    karotid arteriyaların güclənmiş pulsasiyası  qeyd olunur .

 Kəskin xəstəlik dövründə , təxminən  50%  hallarda ,  prekordial  nahiyədə  palpasiya  zamanı  orta körpücük  xətti  boyunca,   xüsusilə III-IV  qabırğaarası  və   sol  parasternal  nahiyələrdə   qabırğaarası əzələlərin    ağrılı olması  qeyd  edilir . Ürəyin  auskultasiyası  zamanı  tez–tez  döş  sümüyünün  sol  sərhəddində   və ürək əsasında  sistolada əlavə ton  ( başlanğıcda – qovulma tonu ,  sonunda - sistolik şıqqıltı )  eşidilir .

Ən çox yayılmış  auskultativ əlamət sistolik küydür (  təqribən 70% hallarda ). Bu küy kifayət qədər tipikdir : müaliyim və ya zəif ifadə olub , ürəyin zirvəsindən tutmuş  əsasına qədər geniş bir sahədə eşidilə bilir ( döş sümüyünün  sol  kənarında  III-IV qabırğaarası nahiyədə maksimum səslənmə  qeyd edilir ) .

NSD  olan şəxslərdə  nəbzin xüsusiyyəti onun labilliyidir : yüngül emosional  və fiziki gərginlik zamanı  taxikardiya yaranır . Bir çox hallarda  taxikardiya ortostatik test və ya tənəffüsün güclənməsi  zamanı  meydana çıxır . Bir çox xəstələrdə  klino-  və ortostazda nəbz nisbətinin fərqi başlanğıc rəqəmin  100-200% -ni təşkil edə bilər. NSD  olan şəxslərdə nəbz  sayı   dəqiqədə 120-130 vurğuya  çatır. Supraventrikulyar  taxikardiya və  qulaqcıqların səyriməsi  paroksizmləri  epizodları nadir hallarda rast gəlinir .

Arterial  təzyiq  labilidir, buna görə də onun bir dəfə   ölçülməsinin nəticələrinə etibar  etmək lazım deyil . Tez-tez ilk ölçmədə  AT  normanın yuxarı həddini aşır, amma 2-3 dəqiqə ərzində təzyiq  normallaşır . Arterial  təzyiqin  sağ və sol ətraflarda  asimmetriyası müəyyən edilə bilər.  Qarnın  palpasiyasının  1/3 hallarında  epiqastral  və ya  göbəkətrafı  nahiyələrdə  kəskin olmayan  və  yayılmamış  ağrı hissi  müşahidə olunur .

Müalicə

  • Etioloji müalicə

Stressli halların təsirini aradan qaldırmaq ( ailə münasibətlərini normallaşdırmaq, işdə münaqişəli vəziyyətləri  həll  etmək ) lazımdır . Toksiki - infeksion formalı  NSD – nin  müalicəsində  mühüm rol  ağız boşluğunun sanasiyası ,  xroniki infeksiya ocaqlarının  müalicəsi ,   tonzilektomiyanın  vaxtında   icra edilməsinə    məxsusdur .   Fiziki və peşə faktorları səbəbindən yaranan NSD  zamanı   professional zərərlərin   aradan qaldırilmağı ,  bəzi hallarda – rasional əmək fəaliyyəti ilə  məşğulluq  məsləhətdir .

  • Rasional psixoterapiya , autotreninq .

Çox vaxt dərman müalicəsindən daha effektiv  ola bilər. Həkim xəstəyə  xəstəliyin mahiyyətini  izah etməli ; onun  xoşxassəli gedişini ,  əlverişli proqnozunu və sağalma  ehtimalını vurğulamalıdır. Bəzi hallarda xəstəliyin mahiyyəti  və müalicəsinin mümkünlüyü  barədə   maarifləndirmək  məqsədilə  onun  yaxınlarının iştirakı ilə psixoterapiya aparmaq məsləhətdir. Xəstəyə  bu  xəstəliyin xoşagəlməz subyektiv təzahürlərini azaltmağa imkan verən özünətəlqin  formullarını öyrətmək lazımdır. Özünətəlqin  autotreninq  və miorelaksasiya  ilə birgə aparılmalıdır .

3. Beynin limbik zonasının, hipotalamusun və daxili orqanların pozulmuş funksional əlaqələrinin normallaşdırılması

3.1. Sedativlərin istifadəsi

Valerian və yemişan  bitkiləri  yalnız sedativ  bir təsirə malik deyillər , onların  həm də " kötük " effekti  var ,yəni  hipotalamusun və beyin kötüyünün  funksiyasını   normallaşdırırlar . Pişikotu  kökü  və ya yemişan bitkisini  dəmləmə şəklində   ( su 200 ml suya  10 g  əlavə edilir )  1/4  stəkan , gündə  3 dəfə  və  gecə  yatmazdan əvvəl  , 3-4 həftə ərzində qəbul  etmək  lazımdır .

3.2. Trankvilizatorlar  ilə müalicə

Trankvilizatorlar  anksiolitik  xüsusiyyətlərə malikdirlər, qorxu hissini , narahatlığı , emosional gərginliyi azaldırlar . Elenium gündə 2-3 dəfə 0,005-0,01 g təyin edilir. Diazepam (Seduxen,  Relanium ) -  2.5-5 mg  dozada , gündə  2-3 dəfə  təyin edilir . Yüksək ifadə olunmuş qorxu sindromu zamanı birdəfəlik   doza 10 mq-a qədər artırıla bilər .  Preparat simpatoadrenal  krizlərin yaranma  tezliyini azaldır . Fenazepam - yüksək aktivliyə malik  sakitləşdirici preparatdır ,  gündə 2-3 dəfə  0,5  mq  qəbul edilməsi  məsləhət görülür . Oksazepam (Nozepam, Tazepam) - gündə 2-3 dəfə  0.01 g qəbul edilir. Medazepam (Mezapam, Rudotel) - gündə 2-3 dəfə  0,01 g qəbul edilir. Tofizopam (Grandaxin) -  günorta qəbul edilən trankvilizator -  gündə 2-3 dəfə 0,05-0,1 g  dozada tətbiq edilir. Trankvilizatorlar  2-3 həftə ərzində  qəbul  edilir və  xüsusilə stressli vəziyyətlərdən əvvəl  tətbiq olunması   məsləhət  görülür . Son illərdə Afobazol ( resepstsiz  satılan , günorta təyin olunan  və  yuxu gətirməyən trankvilizator ) və Tenoten ( homeopatik preparat olub , tərkibində   C-100 beyin zülalına antitellərin mikrodozaları vardır ) kimi preparatlar tətbiq edilməyə  başlanıb .

3.3.  Kombinə olunmuş  "Belloid" və "Bellaspon"  preparatları

Adrenergik və xolinergik strukturların qıcıqlanmasını  azaldır, beynin hipotalamik zonasına sakitləşdirici təsir göstərirlər . Onlar  avtonom   sinir sisteminin funksiyasını normallaşdıran bir növ "vegetativ tənzimləyicilər" rolunu  oynayırlar . Belloid  - 1 tabletin tərkibində -  30 mq  Butobarbital ,   0,1 mq Belladonanın alkaloidləri ,  0,3 mq Ergotoksin  vardır . Gündə 2-3 dəfə 1 tablet dozasında  təyin edilir. Bellaspon (Bellataminal) - 1 tabletin  tərkibində - Fenobarbital  20 mq , Erqotamin  0.3mg ,  Belladonna alkaloidləri 0.1mg  olur . Gündə 2-3 dəfə , 1-2 tablet təyin  edilir .

3.4. Antidepresantlar

Onlar əsasən depressiyalar zamanı  tətbiq olunur . Tez–tez  „ maskalanmış „  depressiyalara  təsadüf olunur ki , bu zaman onlar  özünü  müxtəlif somato-nevroloji  əlamətlər  şəklində təzahür etdirmiş olur . Belə  maskalanmış  ( birincili ) depressiyaları   NSD - lərdə  rast gəlinən  ikincili  depressiyalardan  fərqləndirməq  lazımdır .  Antidepressantların  tətbiqi  differensiasiya olunmuş  şəkildə  aparılmalıdır . Həyəcanlı ,  qarışıq depressiya vəziyyətlərində  Amitriptilin (Triptisol)  sutkada  50-75 mg  dozasında ; astenik  depressiya  vəziyyətlərində  İmipramin ( İmizin , Melipramin ) , sutkada   50-100 mq  dozasında tətbiq olunur . Yüksək ifadə olunmuş  hipoxondriya  hallarında  sutkada  20- 40 mq  Teralen  və  sutkada  30-50 mq  dozalarında  Sonapaks  təyin  edilir .  Yüngül  depressiya  hallarında ,  sutkada   0,075-0,125 q dozasında  Azafen  təyin  edə bilərsiniz . Daha müasir  antidepressantlardan   Sitalopram (Sipramil) , Fluoksetin (Prozac) ,  Paroksetin (Reksetin) ,  Pirlindol (Pirazidol)  göstərilə bilər . Antidepresantların  dozalarını  „ titrləmək „ -  bir  dəfəlik  qəbul  dozasını   1/2  tabletdən  başlayaraq  tədricən  artırmaq  və optimal doza həddinə  qədər  çatdırmaq   lazımdır . Müalicə təxminən  4-6 həftə  davam edir. Depressiya azaldıqca, antidepresantların  dozaları  da  azaldılır .

3.5. Nootrop  preparatlar

 Yaddaşı  gücləndirir , hipoksiyaya  müqaviməti  artırır ,  intellektual  funksiyaları  aktivləşdirir , energetik  prosesləri  və beynin  qan təchizatını  yaxşılaşdırırlar  ki , bu da  zehni  fəaliyyət ilə məşğul  olan  NSD – li  xəstələr  üçün  xüsusən  vacibdir .  Adinamiya , asteniya ,  hipoxondrik   pozğunluqların   əlamətləri olduqda  onların  istifadəsi  məsləhət  görülür . Antidepressantlara qarşı  rezistent  olan  depressiv  halların  müalicəsində köməkçi  vasitə kimi  istifadə edilə bilərlər . Piracetam (Nootropil) - 4-8 həftə ərzində gündə 3  dəfə  0,4 q  dozasında  kapsul  və ya tablet  formasında  istifadə  olunur . Lazım gələrsə, doza gündə 3 dəfə 0,8 g  qədər  artırıla  bilər . Daha müasir və güclü  preparatlar  Fenotropil, Pantokalsindir.  Pikamilon   yumşaq  təsir  göstərir  və  xəstələr tərəfindən  yaxşı  qəbul  olunur .

3.6. Serebroangiokorrektorlar

Onlar beyin  qan dövranını  normallaşdırır  ki ,  bu da  beynin  limbik  zonasının  və hipotalamusun  funksional vəziyyətinə müsbət təsir göstərir .  Bu  preparatlar  angiodistonik baş ağrılarında, başgicəllənmələrdə , servikal osteoxondrozlarda   xüsusilə faydalıdır.

Kavinton ( Vinposetin ) , 1-2 ay  ərzində ,  gündə 3 dəfə ,  5 mg  dozasında ,   1-2 tablet ;

Stugeron ( Sinnarizin ) , 1-2 ay  ərzində , gündə  3  dəfə   1-2 tablet  0.025 g  dozasında   ;

Instenon forte - 1 tabletdən  gündə 2 dəfə ən az 1 ay  qəbul  olunur .

4. Simpatoadrenal sistemin  güclənmiş  fəaliyyətinin  zəiflədilməsi

 Simpatoadrenal  sistemin  tonusunun  normallaşdırılması    simpatikotoniya  ilə  xarakterizə  olunan  NSD – nin  hirertenziv  formasının   patogenetik müalicə  metodudur .  Bu  məqsədlə  beta  blokatorlardan   istifadə olunur.

Ən çox istifadə olunan Propranololdur  (Anaprilin, Inderal, Obsidan) .  Gündəlik  40-120 mg dozada  tətbiq  edilir . Beta – blokatorlarla  müalicə kursu 2 həftədən  5-6  aya  qədərdir ,  orta hesabla  1-2  ay  davam edir. Terapevtik effekt əldə etdikdən sonra, doza  iki  və ya üç dəfə azaldılır .  Xəstənin vəziyyətinin  yaxşılaşması  dövründə   beta- blokatorların  verilməsi   ləğv edilə bilər .

Fitoterapiya

 Fitoterapiya  hipotalamo-visseral əlaqələrin, ürək-damar sisteminin fəaliyyətinin, yuxunun normallaşmasına kömək edir. Aşağıdakı  yığmalar  tövsiyə olunur :

Yığma  № 1: Çobanyastığı  ( gülü ) 10 g,  İnciçiçəyi ( gülü ) 10 g,  Şüyüd ( meyvəsi ) 20 g, İstiot cövhəri (yarpaqları) 30 g,  Pişikotu  ( kökləri ) 40 g . 2  xörək qaşığı  doğranmış  qarışığın üzərinə  1 stəkan  su  tökmək , 3 saat  suda saxlamaq ,  qaynatmaq , soyutmaq ,  süzmək . Gündə 5 dəfə  40 ml ( 2.5  xörək qaşığı ) qəbul etməli .

Yığma  № 2 :   Yemişan  ( bitkisi ) 20 g,  Pişikotu  ( kökü ) 20 g, Həmişəbahar ( gülü ) 20g, Kimyon ( meyvəsi ) 20 g, Şüyüd ( toxumu ) 20 q . 1 çay qaşığı  yığmaya   1stəkan  qaynar  su əlavə etməli , suda saxlamalı , süzməli . Gündə 4-5 dəfə bir xörək qaşığı qəbul etməli .

Yığma  № 3: Yemişan  ( gülü ) 20 g,  Zanbaq ( gülü ) 10 g, Mayaotu   ( qozaları ) 10 q, Nanə (yarpaqları) 15 g,  Şüyüd ( meyvəsi ) 15 g,  Pişikotu  ( kökləri ) 20 q . 1 cay qaşığı  doğranmış yığmanın üzərinə   1 fincan soyuq qaynadılmış su tökün, 3 saat sərin  bir yerdə suda saxlayın ,   sonra  bişirin  , soyudun  və  süzmək . Yemədən  20  dəqiqə  əvvəl  gündə 4 dəfə 1/4  stakan  qəbul etməli .

Fitoterapiyanın  nəticəsi  artıq  2-3 həftə ərzində  hiss edilir ,   lakin dayanıqlı effekt yalnız   ot dəmləməsinin uzun müddət  (  6-8 ay ərzində ) müntəzəm  qəbulu  zamanı  əldə edilir . Xəstənin özünü  yaxşı  hiss etməsi  fonunda   1-2 aydan sonra  7-10 gün  müddətində fasilə vermək  olar .  Fasilədən sonra  bitki qarışıqlarını  dəyişdirə bilərsiniz.  Hətta  xəstənin  vəziyyəti   qənaətbəxş   olsa  belə , profilaktik məqsədlə  ildə  2 dəfə ( yazda və payızda ) , 2 ay  müddətində  bitki qarışıqlarından istifadə  edilməsi  tövsiyə olunur .

Sedativ  təsiri olan müasir kombinə olunmuş  fitopreparat Persendir.Onun tərkibi  Pişikotu kökündən , İstiot cövhərindən və Limon cövhərindən  ibarətdir .

Persen   sedativ bir preparat kimi yüksək sinir oyanıqlığı ,  yuxu pozuqluqları, yuxusuzluq, əsəbilik , daxili gərginlik hissi zamanı    istifadə olunur .  Persen 2  dərman formasında  -  Persen tablet və Persen- Forte kapsulu  şəklində istehsal  olunur .  Böyüklər və  12 yaşından böyük yeniyetmələr   2-3 tablet və ya 1-2 kapsul  qəbul etməlidirlər .  Dərman gündə 2-3 dəfə qəbul edilir .

Yuxusuzluq  zamanı  yatmazdan  bir saat əvvəl  2-3 tablet  və ya 1-2 kapsul qəbul etmək lazımdır .

3 - 12 yaşlı uşaqlara , dərman  yalnız həkim  nəzarəti  altında və yalnız tablet şəklində təyin edilir. Doza xəstənin bədən çəkisindən  asılıdır ,  orta hesabla  gündə 1-3 dəfə  1 tablet təyin olunur .

 Hamiləlik ( xüsusən I trimestrdə ) və laktasiya  zamanı  preparatın tətbiqinin məqsəduyğunluğu  barədə  qərar yalnız  ana , döl və körpə  üçün potensial riskin   qiymətləndirilməsindən  sonra qəbul edilməlidir.

Müalicə müddəti məhdud deyil . Hətta tablet və ya kapsulların uzun müddət istifadə edilməsi ilə əlaqədar heç bir asılılıq yaranmır .

Persenin ləğvi ilə, absistensiya  sindromu inkişaf etmir.

Preparatın tətbiqi  reaksiya sürətini  azalda bilər , odur ki , diqqət tələb edən məşğuliyyətlərdən əvvəl  onun qəbul  tövsiyə olunmur.

Fizioterapiya, balneoterapiya, massaj, akupunktur

 Mərkəzi sinir sistemininə  tənzimləyici təsir göstərmək  , kardialgik sindrom  və  ekstrasistoliyaların təzahürlərini  azaltmaq məqsədilə   elektroyuxudan  istifadə olunur.  Sakitləşdirici  təsir əldə etmək üçün  onu , gündəlik 20- 40 dəqiqə ,  10-25 Hz tezliyində ,  15 seans müddətində tətbiq edirlər . NSD – nin  hipotonik növü  zamanı elektroyuxu    3-4 seansdan bir  tədricən  artan  impuls  tezliyi  (10-40 Hz) ilə  təyin edilir .

Hipertenziv  sindrom  zamanı  ümumi təsir və ya yaxalıq metodları ilə aşağıda sadalanan preparatlarla elektroforez  tətbiq ediılir : 5-10%-li  Natrium və ya Kalium- Bromid məhlulu ,  5%-li  Maqnezium- Sulfat  məhlulu , Eufillin - 1%-li məhlulu ,  Papaverin - 2%-li   məhlulu  ,  Dibazol -  1%-li  məhlulu ,  Anaprilin ( hər prosedura 40 mg ) .

Hipotenziya zamanı  kofein elektroforezi  tətbiq edə bilərsiniz. Prosedur  10-20 dəqiqə müddətində ,  5-7 mA  cərəyan şiddətində ,  günaşırı  həyata keçirilir. Müalicə kursu 15 prosedurdur. Asteniya zamanı Şerbakın metodu üzrə   qalvanik yaxalıq tətbiq edilir . Prosedurun   müddəti  15-20 dəqiqə olub , günaşırı keçirilir .  Müalicə kursu 15-20 prosedurları ibarətdir  . Kardialgik  sindromun yüksək ifadə olunmuş formaları   zamanı  Novokainin  5-10 %-li məhlulunun  və Nikotin turşusunun  0,5-1 %-li məhlulu ilə elektroforez  tətbiq olunur . Elektroforez   ümumi təsir və ya kardial  metodlarla  ( elektrodlar ürək və kürəkarası nahiyələrdə yerləşdirilir) ilə həyata keçirilir .

Aritmik sindrom zamanı   Novocainin  5%-li məhlulu , Pananinginin 2%-li məhlulu  və ya Anaprilinin kardial metodla elektroforezi tətbiq edilir .  Kliniki  təzahürləri kəskin  ifadə olunmuş  hipotalamus disfunksiyaları  və  vegetativ – damar  paroksizmləri zamanı   Relaniumun  intranazal  elektroforezi tövsiyə edilə  bilər. Müalicə kursu 10 prosedurdur.

NSD  olan xəstələrə  su  prosedurları  müsbət təsir  göstərir . Müxtəlif duşlar , yaxalanmalar ,  quru və yaş örtüklərlə bürümələr  tətbiq edilir .Davam etmə müddəti  8-15 dəqiqə  çəkən və temperaturu  36-37 ° C olan    Valerian , iynəyarpaqlı , oksigen, azot və  mirvari vannaları yaxşı sedativ effekt göstərirlər . Vannalar  günaşırı  təyin edilir, müalicə kursu 10-12 vannadır .

Kardial və aritmik sindromlarda , kəskin üstünlük təşkil edən oyanıqlıq hallarında indifferent temperaturlu(35-36 ° C) , hipotenziv sindrom zamanı isə aşağı temperaturlu  (32-33 ° C) su prosedurları tövsiyə olunur .  NSD – nin hipertenziv və kardial tiplərində   Radon, Hidrogen-Sulfid, Yod və Brom  vannaları ,  hipotenziv tipdə isə  Karbon dioksid, Yod-Brom  vannaları  tövsiyə olunur . Bütün vannalarda  suyun temperaturu 35-36 ° C,  prosedurun  davam etmə müddəti 8-15 dəqiqədir . Vannalar günaşırı  tətbiq olunur, müalicə kursu 10 vannadır .

Oyanıqlıq  proseslərinin başlıca üstünlük təşkil etdiyi hallarda   Radon və Azotlu vannalar ,  asteniya zamanı  isə  Karbonat vannaları daha yaxşı effekt göstərirlər .  Radon və  Yod- Bromlu vannalar  osteoxondroz  zamanı  çox məqsədəuyğundur. Serebral simptomların üstünlük təşkil etdiyi  hallarda yayındırıcı prosedur kimi  yerli , ayaqlar  üçün vannalar (şirin sulu , xardallı ) məsləhət görülür . Vannada suyun  hərarəti  40-42 ° C , prosedur müddəti  10-15 dəqiqədir . Eyni məqsəd üçün dabanlara  Parafin applikasiyaları ,  20-30 dəqiqə müddətində  (parafinin  temperaturu 50-55 ° C) günaşırı olaraq tətbiq edilir . Kurs 10 prosedurdan ibarətdir .

Aeroionoterapiya  NSD   xəstələrinin  müalicəsində geniş yayılmışdır. Fərdi ("Ovion-C") və kollektiv  ("Çijevski çilçırağı") istifadə üçün nəzərdə tutulan aeroionizatorlar  tətbiq  olunur. Havanın ionlaşması prosesində aeroionlar yaranır . Mənfi  yüklü  aeroionlar  üstünlük təşkil edir. Xəstələr cihazdan 70-100 sm  məsafədə yerləşdirilirlər ,  seansın  müddəti  20-30 dəqiqədir, bu müddət ərzində xəstə mənfi  ionlarla şüalanmış  hava ilə tənəffüs edir. Müalicə kursu  12-14 seans  təşkil edir.  Aeroionoterapiyanın təsiri nəticəsində  baş  ağrısının və zəifliyin  azalması ,  qaz mübadiləsinin güclənməsi , oksigen istehlakının artması , yuxusuzluğun aradan qalxması ,  ürək  yığılmalarının sayının  azalması ,  qan təzyiqinin  enməsi  (5-20 mm . c . süt .)  qeyd olunur .

Massaj  NSD  olan xəstələrə müsbət təsir göstərir. Xəstələrə  ümummöhkəmləndirici  massaj məsləhətdir . Onurğanı boyun və döş şöbələrinin  östeoxondrozu zamanı   bu nahiyələrin  ehtiyatla massaj olunması   məsləhət görülür . NSD-li  xəstələrin   müalicəsində   xəstənin  özünün  və yaxınlarının  icra edə biləcəyi  nöqtəvi  massaj çox effektiv bir üsuldur .

İynərefleksoterapiya  ( Akupunktura ) mərkəzi  və vegetativ  sinir sisteminin funksional vəziyyətini normallaşdırır;  vegetativ-damar distoniyasını aradan qaldırır; orqanizmin adaptasiya  qabiliyyətini artırır; daxili orqanların metabolizmini və funksiyalarını  yaxşılaşdırır; analjezik təsiri var, sefalgiyaları  və kardialgiyaları  kəsir; qan təzyiqi normallaşdırır. İynərefleksoterapiya  klassik  üsula və ya elektro akupunktur şəklində həyata keçirilə bilər. Əksər  hallarda , nöqtələrin sayının tədricən  artırılması şəklində , İRT-nin  tormozlayıcı  variantından  istifadə olunur. Birinci kursda 10 seans  keçirilir , 2 həftəlik  fasilədən  sonra  ikinci kurs  və 1,5 aydan sonra üçüncü kurs  təyin edilir .

Akupunkturun köməyilə  mərkəzi sinir sisteminin  funksiyalarının  bərpası ,  emosional  gərginliyin  aradan qaldırılması və  sedativ effekt əldə edilir  . İRT təsiri altında xəstələrin 65-70% -də vəziyyətin  yaxşılaşması qeyd olunur .

Adaptogenlərlə  müalicə

NSD-li   xəstələr havanın  dəyişməsinə və  adət etdikləri gündəlik iş rejiminə çox həssadırlar , mənfi  psixo-emosional  vəziyyətlərə  pis  uyğunlaşırlar . Adaptogenlər  -  bitki tərkibli preparatlar olub ,  mərkəzi  sinir sisteminə  və bütövlükdə   orqanizmin   funksiyalarına toniki təsir göstərir , fiziki və psixi  gərginliklərə dözümlülüyü  gücləndirir , respirator virus infeksiyalarına rezistentliyi  artırır , metabolik proseslərə  və immun  sisteminə müsbət  təsir  götərirlər .

Jenşen tinkturası  - gündə 3 dəfə 20-25 damcı ilə təyin olunur ; Eleuterokokk   ekstraktı  - gündə 3 dəfə 20-30 damcı ; Cır limon tinkturası  - 25-30 damcı , gündə 3 dəfə;  Araliya  tinkturası - 30-40 damcı , gündə 3 dəfə; Saparal (Aralia köklərindən əldə edilən qlikozidlər - aralozidlərin toplamı ) - gündə 3 dəfə 0.05 q təyin olunur .

Bitki mənşəli adaptogenlərə əlavə olaraq, Pantokrin də istifadə edilir (  maralın  və ya zubrun buynuzundan  alınmış  spirtli-sulu duru  ekstrakt ) - 30 damcı , gündə 3 dəfə verilir ; Sıpaqan (  Şimal maralının cavan erkəyinin  buynuzundan  alınmış ekstrat ) - gündə 2 dəfə 1 tablet  dozasında təyin edilir .

Adaptogenlər arterial  təzyiqi artıra bilər, bu cür hallarda  dərmanın  dozasını azaltmaq və ya ləğv etmək lazımdır; əsəb sisteminə oyandırıcı  təsir göstərə bilər, buna görə son dərman yatmazdan bir neçə saat əvvəl  qəbul  edilməlidir .  Adaptogenlərlə  müalicə kursu təxminən  3-4  həftə davam edir, il ərzində 4-5 belə kurs  keçirilə bilər . Müalicə kursunu  intensiv əqli  və fiziki iş , qeyri-sabit hava mövsümünlərində (xüsusilə payız və yazda) ,  qrip epidemiyası  ərəfəsində həyata  keçirmək daha məqsədə uyğundur .

Meteohəssaslığın tənzimlənməsi

NSD-si   olan xəstələr çox  meteohəssas olurlar ,  əlverişsiz hava şəraitində onların vəziyyəti  xeyli  pisləşir. Bu xəstələrin seçilməsi  və dispanserizasiyası  ;  əlverişsiz  hava  barəsində bir gün əvvəldən tutmuş bir gün sonrayadək   onları  xəbərdar etmək  və profilaktik  tədbirlərin görülməsi  ;  adaptogenlərin  qəbulu  tövsiyə edilir . Həmçinin ,  3-4 həftə ərzində , gündə  1-2 dəfə , 100 mq  E vitamini  qəbul  etmək məsləhətdir.  Xəstəni  soyuq  hava şəraitinə  uyğunlaşdırmaq üçün orqanizmin möhkəmləndirilməsi , həmçinin   kontrast duş, ayaqların vannaya qoyulması ,  sərin suda çimmək ,  hava  vannaları ,  soyuq mövsümdə  yüngül  geyinmək ,   soyuq vanna qəbulu  (18-22 ° C) və ondan  sonra  dəsmalla intensiv qurulanma  faydalı hesab olunur .

Sanator – kurort  müalicəsi

Bu  məqsədlə   istirahət, dieta, iqlim və landşaftın  təsiri , mineral sular , dənizdə çimmək , balneoterapiya ,   fizioterapiya , terrenkurdan  istifadə edilir .  NSD-li  xəstələr  ilin istənilən vaxtında kurorta  göndərilə bilər . Atmosfer təzyiqində kəskin  dəyişikliklər olmayan  mülayim  iqlimli  istirahət mərkəzləri  tövsiyə olunur . Bunlara misal olaraq  Latviya (Riqanın dənizkənarı), Litva (Palanqa), Estoniya (Tartu), Leninqrad və Kaliningrad regionları ,  Letsy (Belarus), Krımın cənub sahili (Yalta) ,  Soçi  kurortlarını göstərmək olar . Sanatoriya – profilaktoriyalarda və  yerli şəhərətrafı  sanatoriyalarda  müalicə də effektiv hesab olunur .


Fərhad Əhmədov . Həkim – nevropatoloq .

 

  14-03-2018, 08:33   Baxış: 315   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: